PRP Nədir? PRP Müalicəsinə Göstərişlər Hansılardır?
PRP Nədir?
PRP (Platelet Rich Plasma – Trombositlə zəngin plazma) inyeksiya zamanı toxumaların sağalmasını stimulyasiya etdiyi düşünülən bir maddədir.
Trombositlər qanınızın laxtalanmasına kömək edən xüsusi “amillər” və ya zülalları ehtiva edən bir komponentdir. Tərkibində hüceyrə böyüməsini təşviq edən zülallar da var. Tədqiqatçılar qandan trombositləri təcrid edib konsentrasiya edərək PRP istehsal etdilər.
İdeya ondan ibarətdir ki, PRP-nin zədələnmiş toxumalara yeridilməsi bədəninizi yeni, sağlam hüceyrələr istehsal etməyə və sağalmanı stimullaşdırmağa təşviq edir. Toxumaların böyümə faktorları inyeksiya üçün konsentratlarda daha çox cəmləşdiyindən, tədqiqatçılar orqanizmin toxumalarının daha sürətli sağaldığını düşünürlər.
Müalicə qəti şəkildə sübut edilməmişdir. Həmçinin ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən müalicə kimi təsdiqlənməyib. Bununla belə, məşhur idmançılar zədələrinin sağalmasına kömək etmək üçün PRP konsentratların inyeksiyalarını istifadə etdikləri məlumdur.
PRP inyeksiyasının məqsədləri nələrdir?
PRP inyeksiyalarının icra edilməsinin faydalı olduğu hallara örnək olaraq:
Saç tökülməsi. Həkimlər saçların böyüməsini stimullaşdırmaq və saç tökülməsinin qarşısını almaq üçün baş dərisinə PRP yeridir. 2014-cü ildə aparılan bir araşdırmada PRP inyeksiyalarının kişi tipi keçəlliyi kimi tanınan androgenik alopesiyanın müalicəsində təsirli olduğu aşkar edilmişdir.
Tendon (vətər) zədələnmələri. Tendonlar (vətərlər) əzələləri sümüyə bağlayır, sərt, qalın toxumalarıdır. Onlar adətən zədədən sonra yavaş sağalırlar. Həkimlər tennis dirsəyi, ayaq biləyində Axilles tendoniti və dizdə patellar tendonit (jumper’s knee) kimi ağrıya səbəb olan xroniki vətər problemlərini müalicə etmək üçün PRP inyeksiyalarından istifadə edirlər.
Kəskin zədələnmələr. Həkimlər dartılmış və zədələnmiş hamstring əzələləri və ya diz burxulmaları kimi kəskin idman zədələrini müalicə etmək üçün PRP inyeksiyalarından istifadə edirlər.
Əməliyyatdan sonrakı reabilitasiya. Bəzən əməliyyatdan sonra yırtıq vətər (məsələn, çiyindəki rotator manjet vətəri) və ya bağları (məsələn, ön çarpaz bağ) təmir etmək üçün PRP inyeksiyaları istifadə oluna bilər.
Osteoartrit (oynaqlarda degenerasiya). Diz oynağındakı degenerasiya hallarında PRP inyekasiyakarı pasientlərə kömək edə bilər. 2015-ci ildə həyata keçirilən bir tədqiqatda, osteoartritin müalicəsində PRP inyeksiyalarının hialuron turşusu inyeksiyalarından (ənənəvi müalicə) daha təsirli olduğunu göstərdi. Bununla belə, tədqiqat 160 nəfərlik kiçik bir qrup idi, buna görə də bu nəticənin yekun olması üçün daha böyük tədqiqatlara ehtiyac var.
PRP inyeksiyasına necə hazırlaşırsınız?
PRP müxtəlif yollarla inyeksiya oluna bilər. Məsələn, inyeksiyadan əvvəl bəzən baş dərisinə lidokainin lokal keyləşdirici məhlulu tətbiq olunur. Digər hallarda hər hansı narahatlığı azaltmaq üçün PRP lokal keyləşdirici ilə qarışdırılır. Bəzən həkiminiz əməliyyat zamanı PRP inyeksiya edəcək və ya tətbiq edəcək. Bu vəziyyətdə, PRP inyeksiyalarına hazırlıq üçün əməliyyatdan əvvəl həkiminizin tövsiyələrinə əməl etməlisiniz.
PRP inyeksiyası necə edilir?
Bir tibb işçisi qanınızdan nümunə götürəcək. Nümunənin miqdarı PRP-nin yeridiləcəyi yerdən asılıdır. Məsələn, baş dərisinə inyeksiya üçün alınan qanın miqdarı 20 ml ola bilər.
Qan sentrifuqaya yerləşdirilir. Bu aparat çox sürətlə fırlanır və qan komponentlərinin ayrılmasına səbəb olur. Ayırma prosesi təxminən 15 dəqiqə çəkir.
Texnik ayrılmış plazmanı götürür və inyeksiya üçün hazırlayır.
Həkimlər inyeksiya üçün xüsusi sahələri müəyyən etmək üçün tez-tez ultrasəs və ya rentgenoskopiya kimi görüntüləmə üsullarından istifadə edə bilərlər. Daha sonra həkiminiz zədələnmiş sahəyə PRP yeridəcək.
PRP-nin mümkün yan təsirləri hansılardır?
PRP autoloqdur, yəni birbaşa öz bədəninizdən alınan maddələri ehtiva edir. Bu, kortizon və ya hialuron turşusu kimi digər dərmanların yeridilməsi nəticəsində yarana biləcək allergik reaksiyalar riskini azaldır. Bununla belə, PRP inyeksiyasının özünün bəzi risklər var:
- infeksiya
- sinir zədələri
- inyeksiya yerində ağrı
- toxuma zədələnməsi
Həkiminiz bu potensial riskləri və bu riskləri minimuma endirmək üçün atacağı addımları sizə izah edəcək.
PRP inyeksiyalarının bərpa müddəti nə qədərdir?
Bir zədədən sonra PRP inyeksiyası edildikdə, həkiminiz zədələnmiş bölgəyə istirahət etməyi tövsiyə edə bilər. Bununla belə, bu tövsiyələr daha çox yaralanmaya, daha az PRP inyeksiyalarına aiddir. Əksər insanlar PRP inyeksiyalarından sonra gündəlik fəaliyyətlərinə davam edə bilərlər.
PRP inyeksiyaları sağalma və ya böyüməni təşviq etmək üçün nəzərdə tutulduğundan, inyeksiyalar icra edildikdən sonra dərhal fərq görməyə bilərsiniz. Bununla belə, bir neçə həftə və ya ay ərzində inyeksiya yerində gözlədiyinizdən daha sürətli sağalmağa və ya daha çox müsbət dinamika müşahidə edə bilərsiniz.