Kök Hüceyrə Nədir?

Tədqiqatçılar kök hüceyrələri aşağıdakı hər iki funksiyanı həyata keçirə bilən hüceyrələr olaraq təsvir edirlər:

  1. Özünü yeniləmək. Kök hüceyrələr həm bədəndə, həm də laboratoriyada bölünə və çoxala bilər. İnsan toxumasından az miqdarda kök hüceyrə toplana və sonra laboratoriyada yetişdirilə bilər.
  2. Differensasiya potensialı. Kök hüceyrələr müxtəlif hüceyrə növlərinə differensasiya ola bilərlər. Məsələn, bir kök hüceyrənin qan hüceyrəsinə, sümük hüceyrəsinə və ya qığırdaq hüceyrəsinə çevrilməsi mümkündür.

Kök hüceyrə nədir?

Körpələr embrion hüceyrəsi adlanan tək bir kök hüceyrədən inkişaf edir. Alimlər hesab edirlər ki, kök hüceyrələri bədənin zədələnmiş hüceyrələrini bərpa etmək, məsələn, zədədən sonra sağalmaq qabiliyyəti üçün vacibdir.

Müalicədə ən çox istifadə edilən kök hüceyrə növü mezenximal kök hüceyrələrdir. 

Mezenximal kök hüceyrələr

Bəzən yetkin kök hüceyrələr olaraq da adlandırılan mezenximal kök hüceyrələr, yağ, sümük və ya qığırdaq hüceyrələri kimi dayaq-hərəkət sistemi hüceyrələrinə çevrilmə potensialına malikdir. Bir çox tədqiqatçı mezenximal kök hüceyrələrin artrit nəticəsində zədələnmiş qığırdaq və digər toxumaları bərpa etmək və yeniləmək potensialına malik olduğuna inanır.

Mezenximal kök hüceyrələr adətən xəstənin yağ toxumasından, qanından və ya sümük iliyindən toplanır.

Piy (yağ) kök hüceyrələri

Piy toxumasında kök hüceyrələri mövcuddur. Piy (adipoz) kök hüceyrələrindən istifadə edən həkimlər cərrahiyyə və ya liposaksiya ilə hüceyrələri toplayır. Bəzi həkimlər, infrapatellar piy yastığı adlanan dizin qapağının altında və arxasında kiçik bir yağ yastığının kök hüceyrələrindən istifadə etməyi üstün tuturlar.

Periferik qan kök hüceyrələri

Qan dövranında mövcud olan bu kök hüceyrələr normal olaraq yetişkinləşməmiş qan hüceyrələri hesab olunur, lakin onların qığırdaq hüceyrələri də daxil olmaqla digər hüceyrə növlərinə çevrilmə potensialı var.

Sümük iliyinin kök hüceyrələri

Sümük iliyinin kök hüceyrələri ən çox tədqiq edilmiş və qığırdaq hüceyrələrinə çevrilmək üçün ən yaxşı potensiala sahib hesab edilməkdədir. Bu hüceyrələri əldə etmək üçün həkim adətən xüsusi iynə və şprisdən istifadə edərək xəstənin çanaq sümüyündən sümük iliyi götürür. Buna sümük iliyinin aspirasiyası deyilir.

Aspirat yığıldıqdan sonra bu hüceyrələr:

  • Laboratoriyada kultivasiya edilir, və ya
  • Konsentratlı məhlul şəklində emal edilir

Mezenximal kök hüceyrənin başqa bir növü göbək bağından alınan kök hüceyrələridir. Göbək bağı (umblikal) kök hüceyrələri yeni doğulmuş körpənin göbək bağı qanından toplana və lazım olana qədər dondurula bilər. Bundan əlavə, bəzi kök hüceyrə mütəxəssisləri əzələ-skelet sistemi zədələrinin umblikal kök hüceyrələri ilə müalicəsinin daha təsirli olduğunu düşünürlər. Daha çox tədqiqata ehtiyac var.

Digər Kök Hüceyrə Növləri

Mezenximal kök hüceyrələr kök hüceyrənin yeganə növü deyil. Ancaq digər kök hüceyrə növləri ilə müqayisədə onlar ən çox vəd və ən az riskə malikdirlər. Məsələn, bəzi ekspertlər güman edirlər ki, embrion kök hüceyrələri və laboratoriyalarda inkişaf etdirilə bilən induksiya edilmiş pluripotent kök hüceyrələr adlanan başqa bir növ kök hüceyrələr xoşxassəli şişlərə səbəb ola bilər və ya xəstədə arzuolunmaz immun reaksiyasına səbəb ola bilər. Bu sahədə daha çox tədqiqatların həyata keçirilməsi ilə daha dolğun məlumatlar əldə ediləcəkdir.